Üçüncü Dünya müharibəsi yaxındadır| Polşa Rusiyayla birbaşa müharibəyə hazırlaşır – ANALİZ

2025/04/2025--1744356998.jpg
Oxunub: 1335     11:38     31 May 2025    
Xülasə:

- Polşa Ukraynanın Donald Tramp administrasiyası tərəfindən vasitəçilik edilən sülh danışıqlarında ehtimal olunan əlverişsiz nəticə fonunda Rusiya ilə proqnozlaşdırılan müharibə üçün hərbi hazırlığını sürətləndirir. Varşava bütün yetkin kişilər üçün könüllü hərbi təlimlər tətbiq etməyi və Polşanın silahlı qüvvələrini və ehtiyatda olanları 500 min nəfərə çatdırmağı planlaşdırır. Eyni zamanda hərbi xərclər artırılır və NATO müttəfiqləri də müdafiə büdcələrini yüksəltməyə çağırılır.

- Polşanın hərbi genişlənməsi prezident seçkisi kampaniyası fonunda baş verir. İki əsas siyasi düşərgədən heç biri milli təhlükəsizlik mövzusunda zəif görünmək istəmir.


Polşa 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra mümkün Rusiya müharibəsinə qarşı hərbi hazırlıqlarını gücləndirib. Vaşinqtonun Kiyevi ərazi və suverenlik güzəştlərinə məcbur edə biləcəyi ehtimalı, eləcə də Rusiyaya iqtisadi sanksiyaların qaldırılması ilə onun iqtisadi və hərbi gücünü bərpa etmək imkanı yaradılacağı təqdirdə, Varşava hesab edir ki, növbəti müharibənin ön cəbhəsində məhz Polşa olacaq.

Baş nazir Donald Tusk rəhbərliyindəki koalisiya hökuməti son həftələrdə Polşanın hərbi qabiliyyətlərini və ictimai hazırlığını gücləndirmək üçün bir sıra daxili və beynəlxalq addımlar atıb. Tusk martın 7-də parlamentdə etdiyi əsas çıxışında Polşanın hərbi hazırlığını sürətləndirməsinin əsaslarını izah edib.

Tusk xəbərdarlıq edib ki, müttəfiqlərdən alınan kəşfiyyat məlumatlarına əsasən, Moskva 3-4 il ərzində daha genişmiqyaslı bir müharibəyə hazırlaşır və bu məqsədlə hərbi gücünü və səfərbərlik imkanlarını əhəmiyyətli dərəcədə artırır. O həmçinin qeyd edib ki, Ukraynanın ABŞ-dən hansısa sərt təhlükəsizlik zəmanəti alması ehtimalı aşağıdır. Bu da Polşanın vəziyyətini daha da təhlükəli edir.

Tusk çıxışı zamanı bütün yetkin kişilər üçün könüllü hərbi təlim proqramı təqdim ediləcəyini açıqlayıb. Məqsəd icbari hərbi xidmət tətbiq etmədən, illik təlimlərə stimul verərək gələcəkdə böyük bir ehtiyat qüvvə yaratmaqdır. Təlim proqramına mülki müdafiə, ilk yardım və atıcılıq dərsləri daxil olacaq. Qadınlara da bu təlimlərə qoşulmaq imkanı veriləcək.

Tusk bildirib ki, hökumət ehtiyatda olanlarla birlikdə 500 min nəfərlik ordu formalaşdırmağı nəzərdən keçirir. Polşa artıq NATO-da ABŞ və Türkiyədən sonra üçüncü, Avropa İttifaqında isə birinci ən böyük orduya malikdir (216,100 nəfər). Əvvəlki “Hüquq və Ədalət” (PiS) hökuməti 2022-ci ildə ordunun sayını 300 minə çatdırmağı hədəfləmişdi. Bu rəqəm indi Rusiyadan gələn təhlükə və ABŞ-nin Avropanı müdafiə etməyə olan sadiqliyinə dair narahatlıqlar səbəbilə artırılıb.

Polşanın milli müdafiəyə verdiyi önəm onun hərbi xərclərini və silah alışlarını davamlı olaraq artırmasında da özünü göstərir. 2022-ci ildə Polşa NATO-nun müdafiə xərclərinin ÜDM-in 2 faizindən çox olmasını tövsiyə edən “Müdafiə Yatırımı Öhdəliyini” yerinə yetirən doqquz üzvdən biri idi. Varşava 2023-cü ildə bu payı 3.9 faizə, 2024-cü ildə isə 4.12 faizə çatdırdı. 2025-ci ildə bu rəqəmin 4.7 faizə yüksələcəyi proqnozlaşdırılır.

NATO illik müdafiə xərclərinin ən azı 20 faizinin hərbi texnika alınmasına yönəldilməsini tövsiyə edir. Polşa bu göstəricini davamlı olaraq üstələyir – müdafiə büdcəsinin 50 faizindən çoxu hərbi modernizasiya üçün ayrılır.

Son dövrdə Müdafiə Nazirliyi dövlətə məxsus “Polşa Silahlanma Qrupu”ndan 111 ədəd “Borsuk” zirehli döyüş maşını almaq üçün 1.7 milyard dollarlıq müqavilə imzalayıb. Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib ki, hökumət ölkənin müdafiə sənayesinə investisiya vədini yerinə yetirir.

Polşanın hərbi hazırlığının digər tərkib hissəsi Belarus və Rusiya (Kalininqrad vilayəti) ilə sərhəddə sərhəd istehkamlarının qurulmasıdır. “Şərq Qalxanı” (Tarcza Wschód) adlı bu layihə 2.4 milyard avroya başa gələcək və 700 km-lik sərhədi əhatə edəcək. Layihəyə bunkerlər, tank əleyhinə maneələr, mina sahələri, peyk monitorinqi, termal kameralar və pilotsuz uçuş aparatlarına qarşı sistemlər daxildir. Kosinyak-Kamış bildirib ki, bu istehkamlar sürpriz hücumların qarşısını almaq, düşmən hərəkətini ləngitmək, Polşa qüvvələrinin manevr imkanlarını artırmaq və mülki əhalini qorumaq məqsədi daşıyır.

Layihənin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır və bu məqsədlə Avropa İttifaqının müxtəlif müdafiə fondlarından maliyyələşmə gözlənilir. Artıq Avropa İnvestisiya Bankı ilə 1 milyard avro maliyyə dəstəyi üçün ilkin razılıq əldə olunub. Avropa Parlamenti “Şərq Qalxanı” layihəsini Aİ miqyasında müdafiə sahəsində nümunəvi təşəbbüs kimi tanıyıb.

Prezident Andjey Duda və Baş nazir Tusk siyasi rəqib olsalar da, ölkənin müdafiəsini gücləndirmək məsələsində həmfikirdirlər. Duda Polşa konstitusiyasına ildə ən azı ÜDM-in 4 faizinin müdafiəyə xərclənməsini təmin edən maddənin əlavə edilməsini təklif edib. Bu dəyişikliyin qəbul olunması üçün parlamentin üçdə iki səs çoxluğu tələb olunur. Tusk bu təklifə açıq olduğunu bildirib, PiS lideri Yaroslav Kaçinski isə onu dəstəklədiyini bəyan edib. Duda Tuskla təhlükəsizlik məsələlərində “daimi təmas və məsləhətləşmə” şəraitində əməkdaşlıq etdiklərini qeyd edib.

Tusk, həmçinin, Avropa İttifaqının pandemiya sonrası bərpa fondlarından 7.2 milyard avronun müdafiə məqsədlərinə yönəldiləcəyini açıqlayıb. Bu vəsait yeni yaradılmış Təhlükəsizlik və Müdafiə Fonduna yatırılacaq və mülki sığınacaqların tikintisi, müdafiə sənayesinin modernizasiyası, kibertəhlükəsizlik və elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Müdafiə Nazirliyi həmçinin bütün mülki hava limanlarının ikili – hərbi və mülki – istifadə üçün uyğunlaşdırılmasını istəyir.

Varşava NATO-ya müdafiə xərclərinin minimum göstəricisinin 2 faizdən 3 faizə qaldırılması ilə bağlı rəsmi müraciət edib. Duda NATO Baş katibi Mark Rutte ilə görüşdən sonra bildirib: “Əgər bütün alyans müdafiə xərclərini artırmasa, təəssüf ki, Putin yenidən hücuma keçmək istəyəcək, çünki effektiv çəkindirici qüvvə olmayacaq.”

Eyni gün Tramp da bəyan etmişdi ki, əgər NATO ölkələri öz müdafiəsi üçün kifayət qədər maliyyə ayırmasa, ABŞ hücum olunduqda onları qorumaq niyyətində olmayacaq. Tusk isə Avropanı “silahlanma yarışını udmağa” çağırıb və “biz bir qlobal güc olduğumuza inanmalıyıq” deyərək, Avropanın müdafiədə müstəqil olmasının vacibliyini vurğulayıb. Martın 26-da Varşavaya səfəri zamanı Rutte bəyan edib ki, əgər Rusiya Polşaya hücum edərsə, NATO “tam gücü ilə” cavab verəcək və bu “dəhşətli nəticələrə” səbəb olacaq.

Varşava Avropadakı ikitərəfli müdafiə əlaqələrini də gücləndirir. Fransa ilə qarşılıqlı təhlükəsizlik zəmanətlərinə dair müqavilə tamamlanmaq üzrədir. Yanvarın 17-də Böyük Britaniyanın baş naziri Kir Starmer Varşavaya səfər edib və il sonunadək imzalanması gözlənilən yeni təhlükəsizlik müqaviləsini müzakirə edib. Müqavilə Rusiya dezinformasiyasına və hibrid təhdidlərə qarşı mübarizə, enerji təchizatının təhlükəsizliyi, infrastrukturun qorunması və müdafiə sənayesində əməkdaşlığı əhatə edəcək.

Varşava həmçinin Fransanın “nüvə çətiri”nin Avropa müttəfiqlərini də əhatə etməsi və ya alternativ olaraq öz nüvə arsenalını inkişaf etdirmək imkanları ilə də maraqlanır. Bu, ABŞ-nin NATO öhdəliklərinə olan inamın azalması fonunda gündəmdədir. Polşanın hərbi genişlənməsi mayın 18-də keçiriləcək prezident seçkiləri kampaniyası fonunda baş verir. İndiki prezident Duda iki müddət xidmət etdiyindən avqust ayında vəzifəsindən gedəcək. Heç bir namizəd 50 faizdən çox səs qazanmasa, iyunun 1-də ikinci tur keçiriləcək.

Sorğulara görə, hazırda birinci yerdə paytaxt meri Rafal Trzaskovski (Tuskun “Vətəndaş Koalisiyası”ndan) 36 faiz dəstəklə öndə gedir. Onu 26 faiz dəstəklə PiS tərəfindən dəstəklənən tarixçi Karol Navroski izləyir. Ultra-millətçi “Konfederasiya” hərəkatının namizədi Słavomir Mentzenin isə üçüncü yeri tutacağı gözlənilir. Onun tərəfdarlarının ikinci turda Navroskiyə səs verməsi seçkiləri daha da qeyri-müəyyən edir.

Seçki mesajlarında PiS Trzaskovski və Tusk hökumətini müdafiə məsələlərində zəif, qeyri-qanuni miqrasiya qarşısında yumşaq və Almaniya maraqlarına bağlı olmaqda ittiham edir. Tusk isə özünü Avropada sərt mövqe tutan lider kimi təqdim edir, Böyük Britaniya və Fransa ilə əlaqələri gücləndirir və Aİ-nin Miqrasiya və Sığınacaq Paktına qarşı çıxaraq, qeyri-qanuni miqrantları qəbul etməyi rədd edir.

Kim prezident seçilsə də, Polşanın öz müdafiəsini gücləndirmək və hərbi qabiliyyətlərini artırmaq yolundan dönməyəcəyi aydındır. Çünki Rusiya ilə müharibə artıq bir ehtimaldan daha çox, real təhlükə olaraq qəbul olunur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Rusiya  


Bizi "telegram"da izləyin